Mən, Zülfüqar Yusifov Bayandur oglu 1999-cu ildə ATU-ni bitirdikdən sonra son zamanlar üçün dünyada yeni olan alqologiya – ağrı müalicəsi elmi ilə məşğul olmağa başladım. Multidisiplinar sahə olaraq alqologiya bir sıra tibbi disiplinlərin birgə tətbiqinin mümkün olduğu halda daha effektiv olur. Buna görə də xəstəyə düzgün diaqnoz qoymaq və uğurlu müalicə strategiyası seçmək məqsədilə anestezioloji biliklərlə yanaşı revmatoloji, radioloji, nevroloji, fleboloji, fizioterapevtik və s. sahələrdə biliklərin artırılması və kompleksləşdirilməsinin zəruriliyini anladım. Bu minvalla yola çıxaraq dünyanın müxtəlif, yaxın-uzaq ölkələrində olan məşhur universitet və xəstəxanalarında davamlı olaraq təhsil və təcrübəmi artırmaq istiqamətində çalışdım.

 İnsanın həyat keyfiyyətini heçə endirən AĞRI tibb elmindən, hər bir tibb mütəxəssisindən və xüsusən də ağrı mütəxəssisindən yorulmadan çalışmaq, yeniləşmək və təkmilləşmək tələb edir. Məhz bu çalışmaların nəticəsidir ki, dünyanın müxtəlif ölkələrində – ABŞ, Kanada, Böyük Britaniya, o cümlədən son illərdə qardaş Türkiyədə xronik ağrı bir nozoloji vahid olaraq tanınır, bu ölkələrin tibb ocaqlarında ayrıca sahə olaraq tədris edilir və ağrı ilə məşgul olan böyük elmi mərkəzlər, təşkilatlar fəaliyyət göstərir.

Biz də öz növbəmizdə ağrı mərkəzi olaraq topladığımız bilik və təcrübəni ölkəmizdə xəstlərimizin sağlamlığı, tibb mütəxəssislərimizin hazırlığının artması yolunda bölüşmək və beləliklə Azərbaycanda alqologiyanın inkişafı üçün töhvəmizi vermək üçün yola çıxdıq...

Dünyanın müxtəlif ölkələrinin aparıcı elmi-tibbi mərkəzlərində topladığımız təcrübələr və durmadan artırmağa çalışdığmız nəzəri biliklər sayəsində ağrı müalicəsi ilə əlaqəli ən son nailiyyətləri tətbiq etməkdəyik.

Fikrimcə bu sayt sizə oynaq, onurğa və damar ağrıları və xüsusən də bir sıra xroniki bel, diz, boyun ağrıları o cümlədən venoz və arterial ağrıların endoskopik və minimal invaziv üsullarla müalicəsi sahəsində həyata keçirdiyimiz işlər haqqında məlumat verəcək və Sizin ağrılarla və onların müalicəsi ilə bağrı suallarınıza cavab verəcək faydalı mənbə olacaqdır.

Bir sıra fəqərə diski yırtıqları, disk qabarmaları, degenerativ xəstəliklər, diz ağrıları və damar problemləri hal hazırda modern texnologiyaların tətbiqi sayəsində cərrahiyyəsiz olaraq effektiv şəkildə müalicə edilir.

Ümid edirəm ki, bu məlumat bankı pasientlərimizə niyə bu prosedurları təqdim eməyimiz və nece müalicə olunacaqları haqqında aydın məlumat almaları üçün yardımçı olacaqdır.

Düşünürəm ki, mən əlimizdə olan imkanlar və təcrübə ilə sizə ağrılarınızdan xilas olmağa yardımçı ola bilərəm.

Mənimlə Əlaqə