>

Boyun faset RF

Boyun faset oynaq ağrılarının müalicəsi

İmpluslu Radiofrekas Neyrotomiya üsulu çoxsaylı xəstələr üçün olduqca faydalı olur. Boyun ağrılarından ayrı - ayrı zamanlarda əksər insanlar əziyyət çəkir. Bu ağrılar boyunla yanaşı çiyinlərə, kürək nahiyəsinə yayılır,bir sıra hallarda isə baş ağrıları və yuxarı ətraflarda keyimə, iynəbatma hissləri ilə müşaiyət olunur.

 Xronik boyun ağrısı olan xəstələri maraqlandıran suallar;

Boyun ağrıları hansı səbəblərdən  baş verir və bu ağrılardan necə qurtulmaq olar?

Əsas səbəblərdən biri boyun faset oynaqlarında baş verən degenerativ dəyişukliklər hesab edilir.Bir sıra farmakoterapevtik və fizioterapevtik üsullar kömək etmədikdə radiofrekans üsulu ilə xəstəni bu ağrılardan xilas etmək olar.

 

 

Boyun faset oynağı nədir?

Faset oynaqlar onurğanın hərəkətində rol oynayan  oynaqlardır.Hər bir fəqərə arasında sağda və solda olmaqla cüt faset oynaq olur.Hər bir fəqərənin yuxarı və aşağı oynaq çıxıntıları üzərində müvafiq olaraq yuxarı və aşağı faset oynaq səthi olur ki, bu səthlər vasitəsilə hər fəqərə özündən  yüxarıdakı və aşağıdakı fəqərələrlə hərəkətli birləşir.Fleksiya(önə əyilmə),Ekstensiya(arxaya əyilmə) hərəkətləri faset oynaqlar sayəsində mümkün olur.

            Orqanizmimizdəki diğər oynaqlar kimi faset oynaqlar da birləşdirici toxumadan əmələ gəlmiş kapsulla örtülüdür və daxilində sinovial maye olan oynaq boşluğu vardır.Oynaq səthləri isə qığırdaq toxuması ilə örtülüdür ki,bu da oynaqdakı hərəkətlər üçün mühüm əhəmiyyət kəsb edir.

 

Boyunda faset oynaq ağrılarına nə səbəb olur?

            Osteoartroz boyun faset ağrılarının əsas səbəblərindəndir.Degenerativ proses oynaq qığırdağının keyfiyyətini azaldır və nəticədə oynaq səthlərindəki nahamarlıq,əmələ gələn sümük çıxıntıları-osteofitlər hərəkəti məhdudlaşdırır və ağrılı edir.

            Başqa bir səbəb fəqərəarası disklərdə baş verən degenerativ dəyişikliklər və nəticədə disk hündürlüyünün azalması ilə əlaqəli faset oynaqların patoloji prosesə cəlb olunmasıdır.

            Bundan başqa onurğa kasnalı daralmaları-spinal stenozlar,revmatoidli artrit,Bexterev xəstəliyi,travmalar və s də faset oynaq ağrılarına səbəb ola bilər.

 

            Radiofrekansla müalicə boyun ağrılarını necə yaxşılaşdıra bilər?

 

             Radiofrekans Neyrotomiya(PRFN) üsulu minimal invaziv prosedur olub mahiyyəti oynaqdan ağrının müvafiq sinirlə onurğa beyninə ötürülməsinin qarşısını almaqdır.İki növ radiofrekans üsul vardır Radiofrekans proseduru zamanı ağrı aparan sinir şaxəsi müəyyən temperaturda ablasiya olunur, Puls RF zamanı isə daha çox neyromodulyativ effekt öxə çəkilir. RF üsulunun təxminən 30 ilə yaxın yaşı olsa da PRF üsulu nisbətən yeni və daha etibarlı üsuldur.Dünyanın aparıcı ağrı mütəxəssisləri boyun ağrılarının müalicəsində məhz bu metoddan istifadə edirlər.

            PRF müalicəsi zamanı sinir ətrafında yaradılan elektromaqnit sahəsi həmin sinir boyu ağrı aparan maddələrin-neyrotransmitterlərin axınını zəiflədir və ağrının qarşısını alan-tormozlayıcı neyrotransmitter axınını isə artırır və nəticədə sinir ağrı impulsunu ötürə bilmir.Bu üsul zamanı xəstəyə verilən temperatur çox aşağı olur.

 

Mümkün ağırlaşmalar

            Bütün tibbi prosedurlar kimi bu müalicə üsulunun da müəyyən riskləri vardır.Bu risklər çox nadir hallarda baş versə də onları nəzərdən qaçırmaq olmaz.Bunlar aşağıdakılardır:

qanaxma

infeksiya

sinir və ya onurğa beyni zədələnməsi

ağrı

dərman maddələrinə allergik reaksiya

 

PRFN metodu sizin boyun ağrınızı nə qədər davamlı yox edə bilər?

            Xronik boyun ağrılarından əziyyət çəkən xəstələrdə bu üsul bir neçə ay və daha uzun müddət effektiv ola bilir.Bəzi hallarda sinirdə bərpa prosesləri tez gedərsə növbəti prosedura ehtiyac yarana bilər.

            Və əlbəttə ki, hər bir pasientin fərdi xüsusiyyətlərinə bağlı olaraq ağrı hissinin azalmasında fərqli nəticələr ola bilər.

            Radiofrekans proseduru necə aparılır?

            Pasientin özünü rahat hiss etməsi üçün sakitləşdiricilərdən istifadə edilə bilər.Xəstə rentgen masasına uzadılır və inyeksiya bölgəsi antiseptiklə işlənir.

            Prosedur fluoroskop kontrolunda aparılır.Stimulyasiya vasitəsilə sensor və motor yoxlamalar aparılaraq hədəf sinir şaxəsinə nə qədər yaxın olduğumuz müəyyənləşir.Sonra 90 - 180 saniyə ərzində radiodalğa verilir .PRFN zamanı xəstədə ç bir yanğı hissi olmur.Pasient enerji verilən sahədə yüngül pulsasiya hiss edə bilər ki bu normal sayılır.

Müalicədən sonra nə etməli?

            Bütün minimal invaziv prosedurlardan sonra olduğu kimi çox yüngül prosedur sonrası diskomfort ola bilər.Və sadə iltihab əleyhinə preparatlarla bu diskomfort nəzarətə götürülür.

            Növbəti bir-dörd həftə ərzidə pasient tədricən onu narahat edən ağrılardan azad olur.