Flüoroskopiya — canlı rentgen görüntüsüdür. Onurğa strukturları sümüklə örtülü olduğundan bu nahiyədəki prosedurlarda iynənin yerini dəqiq təyin etmək üçün istifadə olunur. Lazım gəldikdə kontrast maddə ilə preparatın yayılma sahəsi yoxlanılır — bu, həm dəqiqliyi, həm təhlükəsizliyi artırır.
Hansı prosedurlarda istifadə olunur
- Bel və boyun transforaminal epidural steroid inyeksiyaları (TESİ)
- Faset oynaq blokadaları və radiofrekans müalicəsi
- Oma-qalça (sakroiliak) oynaq müdaxilələri
- Arxa kök qanqlionuna (DRG) impulslu radiofrekans
- Simpatik blokadalar (stellat qanqlion, bel simpatik zənciri, impar qanqlion)
- Kaudal epidural müdaxilələr
Prosedur necə keçir
Pasiyent əsasən üzüquylu vəziyyətdə yerləşdirilir. Dəri antiseptiklə hazırlanır və lokal keyitmə edilir; prosedur boyunca sizinlə əlaqə saxlanılır, hiss etdiklərinizi bildirməyiniz vacibdir. İynə flüoroskop nəzarəti ilə hədəfə çatdırılır, mövqe təsdiqləndikdən sonra preparat yeridilir.
Şüalanma barədə
Prosedurda istifadə olunan şüa dozası mümkün qədər aşağı saxlanılır: görüntü yalnız qısa anlarda alınır. Hamiləlik ehtimalı varsa, mütləq əvvəlcədən bildirin — belə hallarda alternativ üsullar seçilir.
Prosedurdan sonra
Müşahidədən sonra həmin gün evə qayıdılır. Sürücülük və ağır iş həmin gün üçün tövsiyə edilmir. Ağrının azalması bəzi müalicələrdə dərhal, bəzilərində isə günlər ərzində tədricən hiss olunur.


