Omba oynağı bədənin ən böyük yük daşıyan oynaqlarındandır. Buradakı ağrı çox vaxt bel ağrısı ilə səhv salınır — çünki beldən qaynaqlanan ağrı da ombaya yayıla bilir. Düzgün müalicə üçün əvvəlcə ağrının həqiqətən oynaqdan gəlib-gəlmədiyi aydınlaşdırılmalıdır.
Əlamətləri
- Qasıqda dərində hiss olunan ağrı — oynaq mənşəli ağrının tipik yeri
- Budun yan tərəfində ağrı və o tərəfə uzanmaqda çətinlik (çox vaxt bursit əlaməti)
- Ayaqqabı geyinərkən, avtomobildən düşərkən, ayağı yana açarkən çətinlik
- Səhər sərtliyi, yerişin dəyişməsi, axsama
- Uzun yeriyəndən sonra ağrının artması
Səbəbləri
- Artroz (koksartroz) — oynaq qığırdağının aşınması
- Trokanter bursiti — budun yan çıxıntısı üzərindəki kisəciyin iltihabı
- Piriformis sindromu — dərin oturaq əzələsinin siyatik sinirini qıcıqlandırması
- Oynaq dodağının (labrum) zədələnməsi, sıxılma sindromu
- Beldən yayılan (əks olunan) ağrı
Diaqnoz
Müayinədə oynağın hərəkət həcmi, ağrılı hərəkət istiqamətləri və əzələ gücü yoxlanılır. Rentgen artrozu, MRT yumşaq toxuma zədələrini göstərir. Mənbəni dəqiqləşdirmək üçün USM nəzarəti altında diaqnostik inyeksiya tətbiq oluna bilər.
Müalicə
- Yükün tənzimlənməsi və məşq. Omba və çanaq əzələlərinin gücləndirilməsi ağrını əhəmiyyətli azaldır.
- Çəki nəzarəti. Hər kiloqram omba oynağına düşən yükü artırır.
- USM altında inyeksiyalar. Oynağa hialuron turşusu, bursaya və ya piriformis əzələsinə hədəflənmiş inyeksiya.
- PRP müalicəsi — uyğun hallarda.
- Radiofrekans müalicəsi — oynağı innervasiya edən sinir budaqlarına, xüsusən əməliyyat mümkün olmayan pasiyentlərdə.
Ağrı sürətlə artırsa, gecələr oyadırsa, hərarət və ya travma varsa — müayinəni təxirə salmayın.

