Çiyin bədənin ən hərəkətli oynağıdır — məhz buna görə də ən çox zədələnən oynaqlardandır. Oynağın sabitliyi əsasən əzələ və vətərlərdən (rotator manjet) asılıdır.
Əlamətləri
- Qolu yana və ya yuxarı qaldırarkən ağrı
- Gecə ağrısı — ağrı tərəfə uzanmaqda çətinlik (çiyin problemləri üçün tipikdir)
- Saçı daramaq, arxa cibə əl atmaq kimi hərəkətlərdə məhdudiyyət
- Çiyinin «kilidlənməsi», hərəkət həcminin tədricən azalması
- Qola yayılan ağrı və ya keyimə (boyun mənşəli ola bilər)
Səbəbləri
- Rotator manjet tendiniti və ya cırılması
- Sıxılma (impingement) sindromu — vətərin sümük çıxıntısı altında sıxılması
- Donmuş çiyin (adheziv kapsulit) — oynaq kapsulunun sərtləşməsi; diabetlə əlaqəsi məlumdur
- Subdeltoid bursit
- Çiyin artrozu, akromioklavikulyar oynaq problemi
- Boyun onurğasından yayılan ağrı
Diaqnoz
Hərəkət testləri ilə hansı strukturun zədələndiyi müəyyən edilir. USM vətər və bursaların qiymətləndirilməsində sürətli və dəqiq üsuldur; lazım gəldikdə MRT təyin olunur. Ağrının boyundan gəlib-gəlmədiyi mütləq yoxlanılmalıdır.
Müalicə
- Fizioterapiya — xüsusən donmuş çiyində əsas müalicədir və səbir tələb edir
- Qısamüddətli dərman müalicəsi
- USM nəzarəti altında inyeksiya — bursaya, oynağa və ya vətər ətrafına dəqiq yerləşdirilmiş müalicə
- Uyğun hallarda PRP
- Davamlı ağrıda suprascapular sinir blokadası və ya radiofrekans müalicəsi
Çiyin ağrısında erkən hərəkətə başlamaq vacibdir: uzun müddət qolu tərpətməmək donmuş çiyin riskini artırır.


