Boyun onurğanın ən hərəkətli hissəsidir: başı saxlayır və hər tərəfə dönməsini təmin edir. Məhz bu hərəkətlilik onu zədələnməyə həssas edir. Boyun ağrısı çox yayılmışdır və əksər hallarda ciddi xəstəliyin əlaməti deyil — lakin uzun sürən və ya qola yayılan ağrı araşdırma tələb edir.
Əlamətləri
- Boyunda küt və ya kəskin ağrı, hərəkət zamanı güclənmə
- Boyun əzələlərinin sərtləşməsi, başı yana çevirməkdə çətinlik
- Çiyinə, kürək arasına, bəzən başın arxasına yayılan ağrı (ənsə baş ağrısı)
- Qolda, əldə və barmaqlarda keyimə, iynəbatma, zəiflik — sinir kökünün sıxıldığını göstərə bilər
- Uzun müddət ekran qarşısında oturduqdan sonra artan narahatlıq
Səbəbləri
- Əzələ gərginliyi və duruş problemi — ən çox rast gəlinən səbəb
- Faset oynaqların aşınması — onurğanın arxa hissəsindəki kiçik oynaqların artrozu
- Disk problemi — protruziya və ya yırtıq sinir kökünə təzyiq edə bilər
- Travma — xüsusən avtomobil qəzasından sonra «qamçı zərbəsi» tipli zədə
- Daha nadir hallarda iltihabi və ya sistem xəstəlikləri
Nə vaxt həkimə müraciət etməli
Ağrı 2 həftədən çox davam edirsə, gecələr oyadırsa, qolda güc itkisi varsa, travmadan sonra başlayıbsa, hərarət, arıqlama və ya sidik-nəcis idarəsində pozulma müşayiət edirsə — müayinə təxirə salınmamalıdır.
Diaqnoz
Müayinə boyun hərəkətlərinin, əzələ gücünün və sinir funksiyalarının yoxlanması ilə başlayır. Lazım gəldikdə rentgen, MRT və ya sinir keçiriciliyi müayinəsi təyin edilir. Ağrının hansı strukturdan qaynaqlandığını dəqiqləşdirmək üçün diaqnostik blokadalardan istifadə oluna bilər.
Müalicə
- Konservativ mərhələ. Hərəkət rejiminin tənzimlənməsi, iş yerinin ergonomikası, fizioterapiya və məqsədyönlü məşqlər. Uzun müddət boyunluq taxmaq əksər hallarda tövsiyə edilmir.
- Dərman müalicəsi. İltihab və əzələ spazmına yönəlik qısamüddətli müalicə.
- Girişimsel müalicə. Ağrının mənbəyi dəqiqləşdikdə: boyun faset oynaq blokadası və radiofrekans müalicəsi, sinir kökü blokadası, ənsə siniri müdaxilələri. Prosedurlar USM və ya flüoroskop nəzarəti altında aparılır.
Müalicə üsulu ağrının səbəbinə görə seçilir — eyni şikayət müxtəlif mənbələrdən qaynaqlana bilər.

